Nəticə: Allah elmi ilə hər yeri əhatə edəndir

Bir çox insanın öz bədənində olub bitənlər haqqında məlumatı son dərəcə azdır. Xəstələnib müalicə almalı olduğu vaxta qədər, nə qədər çox şeyin özü üçün əvvəlcədən düşünülmüş olduğunun fərqində olmadan həyatını davam etdirir. Bir gün bir narahatlıq hiss etməsinə qədər bədənindəki heç bir şeyi nəzarətdə saxlamasına, işləyib işləmədiyindən narahat olmasına gərək yoxdur.

Hüceyrə membranı insanın həyatını davam etdirə bilməsi üçün yaradılmış saysız incəlikdən yalnızca biridir. Ancaq insan bu nazik yağ təbəqəsinin heç yorulmadan və yanılmadan fəaliyyət göstərməsinə möhtacdır. Çünki hüceyrə membranının nöqsansız yerinə yetirdiyi, ustalıq tələb edən vəzifələrin heç birini insanın müəyyən edib yerinə yetirməsi, hətta bu vəzifələri yalnız nəzarətdə saxlaması belə mümkün deyil. Heç kim 100 trilyon hüceyrəsinin eyni anda ehtiyaclarını aradan qaldırmağı, bu hüceyrələrə hansı maddələrin, nə vaxt, hansı miqdarda giriş-çıxış etməli olduğunu müəyyənləşdirməyi bacara bilməz. Allah bu nazik yağ təbəqəsindən ibarət hüceyrə membranını insan hələ bunun əhəmiyyətinin şüuruna varmadan, hər hüceyrəsində yaradaraq ona həyat vermişdir.

Hüceyrə membranı mövcud olan dizaynına sahib olmasaydı, hüceyrənin varlığından, buna görə də, həyatdan söz etməyimiz mümkün olmazdı. Ağıl və şüur ​​sahibi olmasına baxmayaraq, insanın yerinə yetirə bilmədiyi bu vəzifəni təsadüflərin yerinə yetirməsini gözləmək, üstəlik, bunun qüsursuzca, bir ömür boyu, bir bioloqdan, bir kimyagərdən daha çox professional işləməsini gözləmək nə dərəcə ağıla uyğundur? Əlbəttə ki, belə bir məntiqsizliyi, ağıllı düşünən heç kim qəbul etməyəcək. Buna görə təsadüflərin möcüzələr yaratmasını gözləyən təkamülçülərə -vicdan və ağıllarına müraciət edərək, hər cür ön mühakimədən, cəmiyyətin təzyiqindən, yanılmış olmağın verdiyi peşmançılıq və utanma hisslərindən uzaqlaşaraq- özlərinə bu sualları vermələrini təklif edirik:

Şüur, ağıl və yaddaşdan məhrum yağ və zülal hüceyrələri seçim edə bilərmi? Bir maddənin faydalı və ya zərərli olub-olmadığını ayırd edə bilərmi? Bu maddədən necə faydalanacağını bilə bilərmi? Faydasızdırsa, özünə zərər vermədən bu maddəni necə yox edəcəyini düşünə bilərmi? Bir-biri ilə əlaqə qurub bir məqsəd istiqamətində hərəkət edə bilərmi? Bir-biri ilə xəbərləşərək köməkləşə bilərmi? Plan qurub tədbir ala bilərmi?...

Daha da çoxalda biləcəyimiz bu sualların heç birini, hüceyrə membranının özündən gözləmək mümkün deyil. Burada heç kimin rədd edə bilməyəcəyi bir ağıl və dizayn mükəmməlliyi görünür. Allahın varlığının dəlillərini görməzlikdən gəlmək istəyənlər isə, həqiqətlərdən nə qədər qaçırlarsa qaçsınlar, bir ömür boyu öz bədənlərinin hər hüceyrəsində, Allahın gücü, elmi, sənəti ilə əhatə olunmuş şəkildə yaşayacaqlar.
Quranda Allah bu şəkildə bildirir:

Sizi yaradan Odur. Kiminiz kafir, kiminiz də mömindir. Allah nə etdiklərinizi görür. O, göyləri və yeri ədalətlə yaratdı, sizə surət verib onları gözəl şəklə saldı. Dönüş də Onadır. (Təğabun surəsi, 2-3)

Bənzər saytlar