Bədəndə seçilən maddələrin həssas tarazlığı

Hüceyrə öz içinə alacağı materialların seçilməsində fövqəladə həssasdır. Hüceyrə ancaq önünə gələn bir maddənin özünə faydalı, yaxud zərərli olacağını təsbit etdikdən sonra bu maddəni içərisinə alar. Ancaq burada soruşulmalı olan bir sual var: Bu seçimi kim edir? Cavabı təsadüf kimi ağıl və məntiqdən kənar bir şərhə sığdırmağa çalışmaq isə şübhəsiz həqiqətlərdən qaçmaqdır.

Bir yığın toz metalı qarşınıza qoysalar, hansının dəmir və ya bir başqa faydalı metal olduğunu anlamağınız nə dərəcədə mümkün olardı? Üstəlik, bu seçimi aralıqsız bir şəkildə sürətlə etdiyinizi və ən kiçik bir səhvdə həyati nəticələrlə qarşılaşacağınızı düşünsəniz, hüceyrədə sərgilənən bu qabiliyyətin əhəmiyyəti daha da yaxşı aydın olacaq. Məsələn, beyin ehtiyac yarandığı vəziyyətdə bağırsağa dəmirin sorulması əmrini və ya fosfor çatışmazlığı vəziyyətində fosforun sorulması əmrini verər və bağırsağı təşkil edən hüceyrələr dərhal dəmir və ya fosforu sorarlar. Eyni vəziyyət bunun əksi üçün də keçərlidir. Bu kimi metalların çoxluğu vəziyyətində də, beyindən gələn kənarlaşdırma əmri ilə dəmir hüceyrədən xaric edilər. Oxşar şəkildə böyrəyi təşkil edən hüceyrələr də qandakı kalsium artıqlığının miqdarını təsbit edib buna görə artıq olanı hüceyrədən xaric edərlər. Bəs şüursuz atom və molekulların bir yerə yığışmasından ibarət olan hüceyrələr necə olub ki, mineralları tanıma və bədəndəki miqdarı ehtiyaca görə nizamlama qabiliyyətinə sahibdirlər?

Digər tərəfdən beyin hüceyrələrinin, ehtiyac olan maddələrin sorulması üçün əmr verməsi də tək başına təsadüf iddialarını yalanlayan bir mövzudur. Bu hüceyrələr məsuliyyətlərini bilir, əmrlər verir və bu əmrlər xüsusi xəbərçi mayelər vasitəsilə məsələn, bağırsaq hüceyrələrinə çatdırılır. Buradakı hüceyrələr də əmri anlayır və qüsursuz bir şəkildə vəzifələrini yerinə yetirirlər. Yəni qarşılarına çıxan dəmir atomunu tanıyır, "bu dəmirdir" deyərək seçib içlərinə alırlar. Bəs bu hüceyrələrin bu dərəcədə şüurlu bir hərəkət etmələri necə mümkün olur? Aid olduqları bədənin canlılığı üçün səfərbər olacaq yüksək məsuliyyət şüurunu haradan qazanmışlar? Bu dərəcədə mütəşəkkil hərəkətləri hüceyrələrin öz-özünə əldə etdiyini qəbul etmək məntiqsizlikdən başqa bir şey deyil. Elektron mikroskopun köməyi olmadan gözlə görməyin mümkün olmadığı hüceyrələri qüsursuzluq içində var edən və bir nizam içində yaradan Allahdır. Rəbbimizin bənzərsiz yaradışı və sonsuz elmi, canlılığın hər incəliyində heç kimin gizlədə bilməyəcəyi qədər aşkardır.

Hüceyrə daxili metal-mineral tarazlığı

Minerallar həyat üçün lazım olan bütün qeyri-üzvi elementlər və ya molekullardır. Bədənimiz normal hüceyrə funksiyaları və hüceyrə quruluşunun davamını təmin edə bilmək üçün 15 minerala ehtiyac duyar. Bədənimizin ən çox ehtiyac duyduğu minerallar kalsium, maqnezium və fosfordur. Bunlarla yanaşı daha az miqdarda olmaqla xrom, dəmir, selenium, sink, mis, flüor, yod, manqan, molibden, xlor, kalium və natrium kimi minerallar da bədənimizin ehtiyacları arasındadır.

Minerallar sümüklərin, dişlərin, yumşaq toxumaların, əzələlərin, qan və sinir hüceyrələrinin hissələrini meydana gətirmələri baxımından orqanizm üçün son dərəcə əhəmiyyət daşıyır. Həmçinin minerallar əzələ reaksiyaları verməyə, sinir siqnallarının çatdırılmasına, həzmə, maddələr mübadiləsinin işinə və hormon istehsalına kömək edərlər. İnsanın qidalanması ilə əlaqəli olaraq qeyri-üzvi qida maddələrindən su, natrium, kalium, xlorid, kalsium, fosfat, sulfat, maqnezium, dəmir, mis, sink və manqanı qeyd etmək olar. Ancaq bədəndə olan minerallardan hər hansı birinin miqdarının azlığı, minerallarla əlaqəli bir funksiyanın yerinə yetirilə bilməməsinə səbəb olar.

Metallar, bioloji sistemlərdə əhəmiyyətli bir rol oynamaqla bərabər, yığın vəziyyətində toksik xüsusiyyətlər daşıyar. Bu səbəblə, bəhsi keçən metalların zəngin kimyasını istifadə edə bilmək məqsədiylə hüceyrələrə müəyyən metalların alınması, hüceyrə içinə daşınması, saxlanması və zəhərlərindən təmizlənilərək ixrac edilməsi diqqətlə həyata keçirilər. Doğru metalların lazım olduqda asanlıqla təmin edilməsi, eyni zamanda potensial olaraq zəhərli olan bu maddələrin yığılmasının qarşısının alınması son dərəcə əhəmiyyətlidir. Xəstəliklərin bir çoxu metal ion tarazlığının pozulmasından qaynaqlanır. Məsələn, anemiya, hemexromatoz, Menkes xəstəliyi, Wilson xəstəliyi və Alzheimer, Friedreich ataksisi və Parkinson kimi sinir sistemi ilə bağlı xəstəliklər bunların arasındadır. Eyni zamanda mikrobakterial infeksiyaların asanlıqla meydana gəlməsi də metal ion daşımasındakı pozğunluqlardan meydana gəlir.

Metal tarazlığına nəzarət müəyyən metalların tanınması və daşınması üçün istifadə olunan zülallar vasitəsilə təmin edilir. Metal tarazlığını təşkil edən bu zülallar hüceyrə mühitində daha yüksək nisbətdə olan bir çox metal arasından doğru olan metalı ayırd edə bilərlər, azalan və ya yığılan metalı təsbit edə bilərlər.

Bütün minerallar bədəndə təəccüblü dərəcədə fərqli vəzifələrə və təsirlərə malikdir.  Bədəndəki hüceyrələr də hər cür mineralı tanıyar və ehtiyacı olan mineralın hüceyrə membranından keçməsinə icazə verərlər. Üstəlik, bunu edərkən bu minerallardan lazım olduğu miqdarda alınmasına da nəzarət edərlər. Məsələn, bədənin yod ehtiyacı varsa, onu təkcə tiroid vəzisi tanıyar və kobalt, fosfor kimi bir çox metal arasından yalnız yodu hüceyrə içinə alar. Və ya hüceyrə içində olan və özünə lazım olan yodu səhvən hüceyrə xaricinə atmaz. Son dərəcə yüksək bir şüur ​​sərgiləyərək insanı heyranlıq içində buraxan bir seçim və nəzarət həyata keçirər. İnsanın isə bütün bu baş verənlərdən xəbəri olmaz. Üstəlik, öz nəzarətinə buraxılacaq olsa, insanın bu sistemə nəinki ömür boyu, heç qısa bir müddət belə nəzarət etməsi mümkün deyil. Üstəlik, heç səhv etmədən, sürətlə, həssas tarazlıqları qoruyaraq etməsi və bu sistemi bədənindəki milyonlarla hüceyrə üçün nəzarətdə saxlamalı olduğu düşünülsə, bunun öhdəsindən gələ bilməyəcəyi çox aydındır.

Sonrakı səhifələrdə bədənin ehtiyacı olan mineralların siyahısı göstərilmişdir. Bu minerallar bədəndə milliqram səviyyəsində (bəziləri daha da az miqdarda) olmasına baxmayaraq orqanizm sağlamlığı baxımından son dərəcə böyük əhəmiyyət daşıyır. Ancaq bu maddələrin, tam lazım olduqları miqdarda -çox və ya az olmamaları vəziyyəti nəzərə alınaraq- olmaları da şərtdir. Bu əhəmiyyətli vəzifəni yenə hüceyrə membranı öhdəsinə götürmüşdür:

 

Kalsium

Sağlam orqanizm quruluşu üçün lazım olan minerallardan biri kalsiumdur. Bu mineral böyük nisbətdə bədənimizdəki sümüklərdə toplanmışdır. Kalsium çatışmazlığı yüksək nisbətlərə çatdıqda isə diş və kürəkdə ağrılar, sümüklərdə zəifləmə, çatlama və asan qırılma müşahidə olunur. Bədəndəki kalsium miqdarı yalnız sümüklər üçün əhəmiyyətli deyil. Eyni zamanda bədəndəki bütün funksiyalarda iştirak edir. Xüsusilə bədəndəki dəmirin istifadə olunması və alınan qidaların hüceyrə membranından keçə bilməsi üçün lazım olan bir mineraldır.

Hüceyrələrin funksiyalarını yerinə yetirə bilməsi, sinir siqnallarınn ötürülməsi, əzələ inkişafı və əzələ sıxılması, qan laxtalanması, hamiləlik əsnasında körpənin sümük inkişafı üçün əhəmiyyətlidir. Həmçinin, körpəni qurğuşun zəhərlənməsindən qoruyar, böyrək daşlarının qarşısını alar, xərçəng, infarkt risklərini azaldar, enerji verər, müxtəlif fermentləri hərəkətə keçirər, yağları bədənin istifadə etməsi üçün parçalayar, dərinin sağlam qalmasına kömək edər.

Məşhur mikrobioloq Michael Denton, kalsiumun orqanizm baxımından əhəmiyyətini “Natures Destiny” (Təbiətin Qədəri) adlı kitabında belə qeyd edir:
Bioloji sistemlərdə kimyəvi məlumatın yüksək sürətdə çatdırılması lazımdırsa, onda kalsiumdan böyük nisbətdə istifadə olunur. Əzələlərin sıxılması üçün əzələnin qıcıqlanması, sinir siqnallarının sinaps boyunca ötürülməsi, hormon ifrazı, mayalanmadan sonrakı dəyişikliklər və s. fəaliyyətlər sayıla bilər. Williamsın yazısında ifadə etdiyi kimi “biologiyanın istifadə edə bildiyi metal ionları içində yalnız kalsium yüksək konsentrasiyada ola bilər, sürətlə diffuziyaya uğraya bilər, qüvvətlə bağlanıb ayrıla bilər”. "Hüceyrənin civəsi" sifətiylə yerinə yetirdiyi vəzifə ilə əlaqəli olaraq, kalsium ionunun kimyəvi xüsusiyyətləri zülallar ilə xüsusi əlaqələr qurmağa tam uyğundur... İkincisi, kalsium ionlarının xüsusilə zülallardakı amin turşuları tərəfindən dərhal təmin edilən oksigen atomlarına yaxın olmasıdır. Zülallar molekulyar nizamsızlıqları və asanlıqla əlçatan oksigen atomları səbəbiylə kalsium bağlanma sahələri üçün ideal bir molekulyar mühit təmin edərlər.

Mis

Mis bədənimizin qoruyucu və yaşlanmağın qarşısını alan metalıdır. Toxuma təzələnməsini və dərinin bərpa olunmasını hərəkətə keçirməsi baxımından müalicə müddətində böyük əhəmiyyət daşıyır. Ayrıca sümük formalaşması, saç və dəri rəngi, hemoqlobin və qırmızı qan hüceyrəsinin meydana gəlməsi kimi bir çox sahədə təsirləri vardır. Bədəndəki misin çoxu, zülallara bağlanır və antioksidan təsir, enerji istehsalı, toxuma təzələnməsi kimi bioloji fəaliyyətlərdə əhəmiyyətli rol oynayar. Yüksək mis qəbulu sink sorulmasını azaldar, yüksək sink qəbulu isə mis qəbulunu azaldar. Bu səbəblə, bu metallar arasında həssas bir tarazlıq olmalıdır.

Aparılan tədqiqatlar mis çatışmazlığının plazmadakı xolesterin və ASL-xolesterin (“pis” xolesterin) səviyyəsini artırdığını bu arada YSL-xolesterin (“yaxşı” xolesterin) səviyyəsini aşağı saldığını, bu səbəbdən ürək xəstəlikləri riskini artırdığını göstərir. Mis mübadiləsində nizamsızlıqlar əsasən iki genetik xəstəliyə yol açar. Bunlar Wilson və Menkes xəstəlikləridir. Hər iki xəstəlik də mis daşıyan zülallarda pozulma olması səbəbiylə meydana gələr. Mis ionlarının hüceyrə membranından keçməsinə imkan verən xüsusi kanallar pozulmağa məruz qalar. Bu da qaraciyər və beyində misin səviyyəsinin azalmasına və bağırsaqlar ilə böyrəklərdə misin miqdarının artmasına gətirib çıxarar. Bu vəziyyət əqli çatışmazlıq və üç yaşdan kiçik uşaqlarda ölümlə nəticələnən Menkes xəstəliyinə səbəb olur.


Həmçinin, misin bədəndəki çatışmazlığı yaraların gec sağalması, ayaqda xoraların əmələ gəlməsi və ağız yaraları, ekzema, sızanaq, dırnaqlarda xətlər, inkişafdan qalma, zəif dad bilmə, xroniki immunitet pozğunluğu və tez-tez yoluxucu xəstəliyə tutulma şəklində özünü göstərir.

 

Dəmir

Dəmir həm bir mineral, həm də insan bədəni tərəfindən istifadə edilən əhəmiyyətli bir qida maddəsidir. Dəmir sağlam bir immunitet sistemi, enerji istehsalı və böyümə üçün zəruridir. Dəmirin orqanizm içindəki digər bir əhəmiyyəti də hemoqlobin istehsalını asanlaşdırmaq və eritrositlərə kifayət qədər oksigen daşınmasını təmin etməkdir. 70 kiloqram ağırlığındakı bir insanda 3,7 qram dəmir vardır. Və bədəndəki dəmirin üçdə ikisinə hemoqlobinin quruluşunda rast gəlinir. Digər formaları isə daha az miqdarda olmaqla qaraciyərdə və sümük iliyində yerləşir.
Bədənin bütün hüceyrələrinin mitoxondrilərində dəmir ehtiva edən elektron daşıyıcıları var. Bunlar hüceyrələrdə həyata keçən bir çox oksidləşmə üçün lazımdır. Bu səbəblə, dəmir həm toxumalara oksigen daşınması, həm də toxuma hüceyrələrindəki oksidləşmə sistemlərinin fəaliyyət göstərməsi üçün mütləq əhəmiyyət daşıyır. Dəmir olmasa həyat bir neçə saniyə içində sona çatar. Dəmir çatışmazlığı ümumiyyətlə, qida problemindən, tez böyümədən və şiddətli qanamalardan qaynaqlanır. Dəmir çatışmazlığının əlaməti isə ümumiyyətlə qan azlığıdır. Həmçinin yorğunluq, fiziki iş görə bilməmək kimi nəticələr də doğurur.

Dəmir eyni zamanda çox zəhərli ola bilər. Bu səbəblə, dəmirin bədəndə saxlanması güclü nəzarət altında həyata keçirilməlidir. Dəmir kimyəvi olaraq çox fəaldır və müxtəlif növ bir çox zülala bağlanaraq quruluşlarında zərərli nəticələr meydana gətirir. Hüceyrə membranlarında gedən oksidləşmə reaksiyalarında katalizator rolunu oynayır. Hər zaman bitişik halda olduqları üçün bədəndən kənarlaşdırılmazlar. Bədəndə dəmir itkisi yalnız qanama, hüceyrələrin yenilənməsi və inkişaf etməkdə olan dölə ötürülməsi kimi əməliyyatlar nəticəsində ortaya çıxar.

Dəmir həyati əhəmiyyətli bir mikro-qidadır. Hemoqlobinin ayrılmaz bir parçası olaraq, qanda oksigen və karbondioksidin daşınması üçün lazımdır. Mikrobioloq Michael Denton dəmirin əhəmiyyətinə belə diqqət çəkmişdir:

Bütün metallar içində dəmirdən daha çox həyati əhəmiyyət daşıyanı yoxdur... insan qanındakı hemoqlobində olan oksigen ilə həssas əlaqəsi sayəsində problemsiz bir şəkildə ən yüksək dərəcədə reaktiv olan, ən qiymətli enerji qaynağı olan bu atomu (oksigeni) daşıyan dəmirdir. Dəmir atomu olmadan kainatda karbona bağlı həyatın mövcud olması mümkün olmazdı... hemoqlobini meydana gətirəcək heç bir metal olmaz, oksigenin reaktivliyinin qarşısını alacaq metal meydana gəlməz və oksidləşməyə əsaslanan maddələr mübadiləsi meydana gəlməzdi. Həyat və dəmir ilə qanın qırmızı rəngiylə uzaqdakı bir ulduzun ölümü arasındakı bu sirli və yaxın əlaqə yalnız metalların biologiya baxımından əhəmiyyətli olduğunu göstərməklə qalmaz, eyni zamanda kainatın bioloji cəhətdən əhəmiyyətini vurğulayır... heç bir metal atomu hem qruplarındakı dəmirin xüsusiyyətlərini tam olaraq əvəz edə bilməz. Dəmir ilə yaxından əlaqəli heç bir keçid metal atomu hemoqlobində dəmirin yerini tuta bilməz, çünki bunların heç biri tam doğru ölçüyə sahib deyil və oksigen ilə əlaqəli eyni həssas dəyişikliklər keçirmələrinə imkan verən tam olaraq eyni kimyəvi xüsusiyyətlərə sahib deyildirlər.

Maqnezium

Ferment fəaliyyətlərində və xüsusilə enerji istehsalında zəruri bir katalizatordur. Kalsium və kaliumun sorulmasına kömək edir. Sümüyün əmələ gəlməsində, karbohidrat və mineral mübadiləsində rol oynayır. Maqnezium çatışmazlığı sinir və əzələ siqnallarının ötürülməsinə mane olar. Həmçinin əsəbilik, fikri çaşqınlıq, yuxusuzluq, narahatlıq, pis həzm, sürətli ürək döyüntüsü, huşunu itirmə, qan təzyiqinin artması, ani ürək dayanması, astma, xroniki yorğunluq, xroniki ağrı sindromları kimi narahatlıqlara səbəb olur.

Manqan

Manqan bədəndə ferment fəaliyyəti, çoxalma və böyümə, cinsi hormon hazırlanması, toxumanın tənəffüsü ilə B1, E vitaminləri, yağ və karbohidrat metabolizm fəaliyyətlərində təsirlidir.

Fosfor

Fosfor əhəmiyyətli bir mineraldır. İnsan bədəni fosfora sümük və diş əmələ gəlməsi, hüceyrə böyüməsi və bərpası, enerji istehsalı, ürək əzələsinin sıxılması, sinir və əzələ hərəkətləri, böyrək funksiyaları baxımından ehtiyac duyar. Fosfor həmçinin vitaminlərdən istifadə edilərək qidaların enerjiyə çevrilməsində əhəmiyyətli rol oynayar. Fosfat (fosforun 85%-ə qədəri sümükdə fosfat formasında saxlanılır) hüceyrə daxili mayelərin əsas anionudur. Fosfatlar çevrilə bilən olmasından ötrü, bir çox koferment sisteminin və maddələr mübadiləsi funksiyalarının işləməsi üçün lazımlı birləşmələrlə reaksiyaya girmə qabiliyyətinə malikdir. Fosfatların çox əhəmiyyətli reaksiyaları xüsusilə ATF, ADF və fosfokreatinin funksiyaları ilə əlaqəlidir.

Kalium

Sağlam sinir sistemi və nizamlı ürək ritmi üçün əhəmiyyətli bir mineraldır. İnfarkt hadisəsinin qarşısını almağa kömək edir, əzələ sıxılmalarını nizamlayır, natrium ilə birlikdə bədənin su tarazlığına nəzarət edir. Hüceyrələr içindəki kimyəvi reaksiyalar üçün əhəmiyyətlidir və qan təzyiqinin tənzimlənməsində, elektrokimyəvi siqnalların çatdırılmasında kömək edir. Eyni zamanda qida maddələrinin hüceyrə membranlarından keçişini nizamlayır. Kaliumun fəaliyyəti yaş artdıqca azalır. Bu qan dövranının pozulmasına və zəifliyə gətirib çıxarır.

Selen

Selenium antioksidantdır. DNT və zülal sintezi, immunitet reaksiyaları, hüceyrə membranının bütövlüyü, pankreas funksiyaları, retina qan damarının hazırlanması, retinanın işığı qəbul etməsi, çoxalma funksiyaları, toxuma elastikliyi kimi orqanizm funksiyalarında təsirlidir.

 

Natrium

Sinir siqnallarının ötürülməsi, hüceyrədə maye səviyyəsinin qorunması, hüceyrə membranlarına qida daşınması, düz əzələ sıxılması kimi proseslərdə orqanizm baxımından əhəmiyyət daşıyır. Natrium çatışmazlığı və su çatışmazlığı dünya üzərində ən geniş yayılmış və ən ciddi çatışmazlıqlardır. Bədəndən uzunmüddətli su itkisi vaxtı qan dövranı sistemindəki mayeləri meydana gətirən natrium da itirilir. Bu mayelər ürəyi, damarları, arterial və kapilyar damarları qidalandırır. Bu mayelərin ciddi dərəcədə itirilməsi isə qan dövranı sistemində şoka səbəb olur.

 

Bədəndəki əhəmiyyətli mikroelementlər:

Bədəndə çox az miqdarda olan bəzi elementlərə “mikroelement” deyilir. Bunların qidalardakı miqdarı da çox azdır. Ancaq bunlardan birinin olmaması müxtəlif əlamətlərlə özünü göstərir və narahatlıqlar ortaya çıxır. Ən əhəmiyyətli mikroelementlərdən üçü yod, sink və flüordur.

Yod

Ən yaxşı tanınan mikroelement yoddur. Bu element tiroid hormonunun əmələ gəlməsi və funksiyası ilə əlaqəlidir. Bütün bədəndə yod miqdarı təxminən 14 mq-a yaxındır. Yodun bədəndəki tək istifadəsi tiroid hormonlarının -tiroksin və triodtironin- hazırlanması üçündür. Bu iki tiroid hormonu bədənin bütün hüceyrələrində maddələr mübadiləsinin normal sürətdə davamı üçün lazımdır. Tiroid ifrazatının olmaması ümumiyyətlə, maddələr mübadiləsi sürətinin normaldan 40-50% aşağı düşməsinə, tiroid ifrazatının həddindən artıq olması isə maddələr mübadiləsi sürətinin normaldan 60-100%-ə qədər artmasına gətirib çıxarır. Həmçinin, tiroid hormonunun embrionun inkişafında müxtəlif rolları olduğu üçün hamiləlik zamanı yod çatışmazlığı bir çox doğum qüsurlarına səbəb ola bilər.

Yod çatışmazlığı zob xəstəliyinə səbəb olur. Qalxanabənzər vəzi toxumasının böyüməsi ilə nəticələnən zob əqli zəiflik, böyük dil və bəzən karlıq, danışa bilməmək və axsaqlıq ilə nəticələnə bilər. Gündəlik olaraq 0,10-0,15 mq yod qəbulu yetərli hesab edilərkən, gündə 0,05 mq-dan aşağı yod qəbulu isə yod çatışmazlığına yol açar. Son dərəcə az miqdardakı yod insanın sağlam yaşaması, orqanizm funksiyalarını tam olaraq yerinə yetirə bilməsi baxımından çox böyük əhəmiyyət daşıyır.

Sink

Sink bədəndəki 80-dən çox fermentin birləşməsindən ibarətdir. Sink eyni zamanda bir sinir ötürücüsüdür. Aşağı sink səviyyəsi sinir hərəkətlərinin yavaşladılmasını azaldar və anormal davranışlara yol açar. Bundan başqa yanıqların və yaraların yaxşılaşması, karbohidrat həzmi, prostat vəzinin funksiyası, çoxalma orqanlarının böyüməsi və inkişafı, B1 vitamini ilə fosfor və zülal mübadiləsinin işləməsi baxımından da əhəmiyyət daşıyır.

 

Flüor

Maddələr mübadiləsi üçün lazımlı bir element kimi görünməsə də, dişlərin formalaşması zamanı bədəndə olan az miqdardakı flüorun daha sonrakı yaşlarda diş çürümələrinin qarşısını alması baxımından əhəmiyyəti vardır. Flüor dişləri möhkəmləndirməz, ancaq məlum olmayan bir şəkildə çürümənin qarşısını alar. Flüorun diş minalarında kristallar içində olması və diş çürümələrinə səbəb olan bakteriya fermentlərinin fəaliyyəti üçün zəruri olan bir çox mikroelementlə birləşdiyi qəbul edilir. Beləliklə, flüor qarşısında fermentlər təsirsiz qalar və diş çürümələrinin qarşısı alınar.

Bədəndə vitaminlərin seçilməsi

Vitaminlər bədənin normal maddələr mübadiləsi üçün az miqdarda lazım olan və bədənin hüceyrələrində hazırlanmayan üzvi birləşmələrdir. Vitaminlər qidalarımızda olmadığı vaxt maddələr mübadiləsində pozulmalara yol aça bilərlər. Vitaminlər bədənin sağlam inkişafı, həzm funksiyaları, infeksiyalara qarşı immunitet qazanması baxımından olduqca lazımdır. Həmçinin, bədənimizin karbohidrat, yağ və zülallardan istifadə etməsini də təmin edərlər.
Vitaminlər bədəndə “yanmaz”, yəni vitaminlərdən birbaşa enerji (kalori) alınmaz. Orqanizm davamlı olaraq hər vitamindən lazımi miqdarın qan dövranında iştirak etməsini təmin edər. Suda həll olan vitaminlərin çoxu orqanizm mayeləri ilə atılarkən, yağda həll olan vitaminlərin çoxu isə yağ toxumasında yığılarlar. Yığıldıqları üçün yağda həll olan vitaminlərin həddindən artıq olması zərərli ola bilər. Xüsusilə vitamin A və D-nin istehlakında diqqətli olmaq lazımdır. Vitaminlər bütün hüceyrələrdə az miqdarda yığılır. Bəzi vitaminlər isə böyük ölçüdə qaraciyərdə yığılır. Məsələn, qaraciyərdə yığılan A vitamini heç vitamin qəbul etməyən bir adamın 5-10 aya yaxın bir müddətdə A vitamininə olan ehtiyacını ödəyə bilər və qaraciyərin D vitamini anbarı kənardan heç D vitamini qəbul etməyən bir adam üçün ümumiyyətlə, 2-4 aya qədər kifayət edər.

Suda həll olan vitaminlərin bədəndə yığılması nisbəti nisbətən aşağıdır. Bu, xüsusilə B vitaminlərinin bir çoxu üçün etibarlıdır. B kompleks vitaminlərini normaldan az qəbul edən bir insanda bu azlığın əlamətləri bəzən bir neçə gündə ortaya çıxar. B12 vitamini bunun xaricindədir, çünki B12-nin qaraciyərdəki anbarı insanın bir il və ya daha uzun bir müddət ərzində B12 ehtiyacını ödəyər. Suda həll olan digər bir vitamin olan C vitamininin yoxluğu bir neçə həftə ərzində əlamətlərin ortaya çıxmasına yol aça bilər. C vitamini çatışmazlığından qaynaqlanan sinqa xəstəliyi isə 20-30 həftə içində ölümlə nəticələnə bilər.
Hər kəsə məlum olan 13 vitamin vardır. Bunların dördü -vitamin A, D, E və K- (yağda həll olan vitaminlər) bədənin yağ toxumasında yığılırlar. Digər doqquz vitamin isə suda həll olar və bir çoxu bədəndə yığılmaz. Suda həll olan vitaminlər, vitamin C və səkkiz B vitamini növüdür: Tiyamin (B1), riboflavin (B2), niasin (B3), pantotenik turşusu (B5), piridoksin (B6), kobalamin (B12), biotin və fol turşusu (folacin).

 

A vitamini

Göz problemlərinin və korluğun qarşısını alar. İmmunitet sistemini qüvvətləndirərək dəri problemlərinə mane olar. Həmçinin həzm sistemində yaranan xoraları müalicə edər, soyuqdəymə vaxtı və böyrəklərdə, sidik kisəsində, ağciyərlərdə və selikli qişada infeksiyalara qarşı bədəni qoruyur. A vitamini toxumaların baxım və təmiri, yeni hüceyrələrin inkişafı, sümüklərin və dişlərin formalaşması üçün də son dərəcə əhəmiyyətlidir. Bunlardan başqa A vitamini antioksidant olaraq fəaliyyət göstərərək hüceyrələri xərçəngə və digər xəstəliklərə qarşı qoruyur, yaşlanma müddətini yavaşladır, yağın yığılmasına kömək edir. A vitamininin orqanizm baxımından digər bir əhəmiyyəti, zülalların A vitamini olmadan istifadə edilə bilinməməsidir.
A vitamini çatışmazlığı vəziyyətində dəridə quruluq, sızanaq kimi dəri problemləri, skelet inkişafının dayanması ilə nəticələnən böyümə qüsuru, buynuz qişa ilə əlaqədar problemlər və korluq görülə bilər. Həmçinin, A vitamini çatışmazlığı vəziyyətində orqanizm infeksiyaya daha tez yoluxur. Bu səbəblə, A vitamininə "anti-infeksiya" vitamini deyilir.

B2 vitamini (riboflavin)

Göz yorğunluğu və kataraktaların qarşısının alınması və müalicəsi üçün B2 vitamini tələb olunur. B2 vitamini karbohidrat, yağ və zülal mübadiləsinə kömək edir. Həmçinin, dəri toxumalarının, dırnaqların və saçların oksigen istifadəsinə dəstək verir, saçlarda kəpəyi aradan qaldırır. Bunlarla yanaşı, dəmir və B6 vitamini qəbuluna kömək edir, B2 vitamini çatışmazlığı isə hamiləlikdə körpənin inkişafına zərər verə bilər.

B12 vitamini

Anemiya xəstəliyinin qarşısını almaq üçün tələb olunur, qırmızı qan hüceyrəsi istehsalında fol turşusunun nizamlanmasına və dəmirin istifadə olunmasına kömək edər. Düzgün həzm, qidaların qəbulu, zülal sintezi, karbohidrat və yağ mübadiləsi üçün lazımdır. Orqanizm 5 illik B12 vitamini toplaya bilər, lakin bu vitaminə xüsusilə heyvanlara aid toxumalarda rast gəlinir. Sinir zədələnməsinin qarşısını alar, bala verməni təmin edər, hüceyrənin meydana gəlməsini və uzun yaşamasını təmin edər, sinir uclarının normal inkişafını asanlaşdırar, yaddaşın güclənməsinə və öyrənməyə kömək edər.

Bu vitaminin çatışmazlığı vəziyyətində yerimə qüsuru, xroniki yorğunluq, depressiya, həzm pozulmaları, baş gicəllənməsi, yuxululuq, qaraciyər böyüməsi, gözdə qüsurlar, qarabasmalar, baş ağrıları, dil infeksiyası, narahatçılıq, çətin nəfəs alma, yaddaş itkisi, əsəb pozuntuları, ürək döyüntüsü, qan azlığı, qulaqlarda küy, onurğa iliyi deformasiyası kimi narahatlıqlar yaşana bilər. B12 vitamini çatışmazlığı çox vaxt qalın sinir liflərinin mielin itkisi ilə özünü göstərir. Bunun bir nəticəsi olaraq bir çox insanda xarici duyğu itkisi çox olur və şiddətli hallarda iflic olması ehtimalı belə var.
B12 vitamini bir hidrogen qəbuledicisi olaraq koenzim vəzifəsini yerinə yetirər və müxtəlif maddələr mübadiləsi fəaliyyətlərini icra edər. Ən əhəmiyyətli funksiyası, bəlkə də, gen köçürülməsində koenzim olaraq fəaliyyət göstərməsidir. Bunun sayəsində, B12 vitamininin iki əhəmiyyətli vəzifəsinin olduğu deyilə bilər: böyüməyi və eritrositlərin əmələ gəlməsini sürətləndirmə.

C vitamini (askorbin turşusu)

C vitamini xarici zərərli maddələrin zəhərlərini bədəndən kənarlaşdırmaqla yanaşı təmizləyici bir vitamindir. Təbii olaraq hazırlanan kortizonun daha yaxşı işləməsini təmin edərək bir antihistamin olaraq hərəkət edə bilər. C vitamini sümük iliyində hemoqlobinə və qırmızı qan hüceyrəsi istehsalına kömək edir, birləşdirici toxumada kollagen qurmağa kömək edir, bağırsaqlarda dəmirin sorulmasını artırır və yaraların yaxşılaşmasına kömək edir.
Orqanizm C vitaminini özü hazırlaya bilməz. Bu səbəblə, qidalar vasitəsilə kənardan alınmalıdır. C vitamini çatışmazlığı yaraların gec yaxşılaşması, qanama, şiş, həddindən artıq dərəcədə zəiflik, dəri altında qanama, infeksiyalara tez yoluxma, soyuqdəymə və bronxit infeksiyaları, oynaq ağrıları, enerji çatışmazlığı, həzmdə pozuqluq, yaxşılaşma müddətinin gecikməsi, asanlıqla bədəndə çürümələr meydana gəlməsi və diş tökülməsi ilə nəticələnə bilər.
Anti-stress hormon istehsalını təmin edir, xərçəngin qarşısının alınmasına kömək edir, infeksiyalara qarşı qoruyur, immuniteti gücləndirir, dəmir qəbulunu artırır, xolestorin səviyyələrini və yüksək təzyiqi aşağı sala bilir, qan laxtalanması və çürüməyə qarşı insan bədənini qoruyur.

Askorbin turşusu olmadan bədənin demək olar ki, bütün toxumalarında hazırlanan kollagen lifləri qüsurlu və zəif olur. Bu səbəblə, C vitamini dəri altı toxuma, qığırdaq, sümük və dişlərdə liflərin böyüməsi və möhkəmliyi üçün lazımdır. C vitamini çatışmazlığı vəziyyətində yaraların yaxşılaşma sürəti ləngiyər. Bu vəziyyət hüceyrələrdə kollagen liflərin toplanmasında azlıq və hüceyrədaxili bağlayıcı maddələrin qeyri-kafiliyindən qaynaqlanır. Nəticədə ümumiyyətlə, bir neçə gündə yaxşılaşa bilən bir yaranın yaxşılaşması üçün ayların keçməsi lazımdır.

Həmçinin, C vitamininin yoxluğu sümük böyüməsini dayandırar. Böyüyən hüceyrələrin arasında yeni kollagen toplanması olmadığından sümükləşmə əskik qalar və sümüklər böyümə nöqtələrindən asanlıqla qırıla bilərlər. Askorbin turşusu çatışmazlığı olanlarda sümükləşmə tamamlanan sümüklərdə yeni sümük matriksi meydana gətirilə bilməz. Bunun nəticəsində qırılan sümük sağalmaz.

Qədim dövrlərdə, xüsusilə uzun müddət quruya çıxmayan və bu səbəbdən təzə meyvə-tərəvəz qəbul etməyən dənizçilərdə C vitamini çatışmazlığından qaynaqlanan sinqa xəstəliyinə tez-tez rast gəlinirdi. Bu xəstəlikdə endotel hüceyrələr bir-birlərinə uyğun şəkildə yapışmadıqlarından, damar çəpərində olan kollagen lifləri yetərsiz qalar. Bunun nəticəsində qan damarlarının çəpərləri həddindən artıq dərəcədə həssas hala gələr və kapilyar damarlar asanlıqla  cırıla bilər. Bütün bədəndə bir çox daxili qanama müşahidə olunar. Dərinin altındakı bu qanamalar bəzən bütün bədəni bürüyər və şiddətli C vitamini çatışmazlığında qolun ön hissəsinin dərisində qırmızı ləkələr ortaya çıxa bilər. Güclü sinqa xəstəliyində bəzən əzələ hüceyrələri ayrılar, dişlər sallanar və ağızda infeksiya baş verər.

 

D vitamini

Kalsium və fosforun həzm yollarında istifadəsi və sorulması ilə xüsusilə uşaqlarda böyümə üçün lazım olan bir vitamindir. Əzələ zəifliyinə qarşı bədəni qoruyur, ürək döyüntüsünün nizama salınmasında təsirlidir, immunitet sistemini qüvvətləndirir, tiroid funksiyaları və normal qan laxtalanması üçün lazımlıdır.

D vitamini həzm sistemindən kalsiumun sorulmasını artırır və sümüklərdə kalsiumun yığılmasına kömək edir. D vitamini kalsiumun sorulmasını və kalsiumun aktiv daşınmasını sürətləndirərək artırır. Xüsusilə bağırsaq toxumalarındakı epitel hüceyrələrdə kalsiumun sorulmasına kömək edən kalsium-bağlayıcı zülalların əmələ gəlməsini artırır.

E vitamini

Xərçəng və arteriya xəstəliklərinin qarşısının alınması üçün əhəmiyyətli bir antioksidantdır. Səkkiz fərqli, lakin bir-birləriylə əlaqəli molekul ailəsindən ibarətdir. Qan dövranını gücləndirir, normal qan laxtalanmasını gücləndirir. Toxumaların bərpası üçün lazımdır, bəzi yaralar ətrafında iz meydana gəlmə ehtimalını azaldır. Qan təzyiqini azaldır, kataraktanın qarşısını alır, atletik performansı artırır, ayaqlardakı qıc olmaları açır, kapilyar damar divarlarını gücləndirərkən sağlam sinirlər və əzələlər əmələ gətirir. Həmçinin, sağlam bir dəri və cild üçün lazımdır. Anemiya və erkən doğum körpələrdə yaranan göz qüsurlarına qarşı bədəni qoruyur, yaşlanmağı gecikdirir və yaşlılıq ləkələrinə mane ola bilir.

Bir-biriylə əlaqədar bir çox birləşmə, E vitamini təsiri göstərir. Demək olar ki, bütün vitaminlər kimi E vitamini çatışmazlığı da normal böyüməyə mane olar və bəzən böyrək hüceyrələrinin pozulmasına səbəb olar. E vitamini olmasa hüceyrələrdə doymamış yağ turşuları azalar və mitoxondrilər, lisozomlar və hətta hüceyrə membranı kimi orqanoidlərdə anormal quruluş və funksional dəyişikliklər baş verər.

Fol turşusu

Beyinin qidası olaraq qiymətləndirilir, enerji istehsalı, böyümənin sürətləndirilməsi və qırmızı qan hüceyrələrinin istehsalı üçün lazımdır. Hüceyrələrin doğru olaraq bölünməsi və köçürülməsi baxımından da əhəmiyyətlidir. Fol turşusunun az olduğu vəziyyətdə hüceyrə bölünməsində nəzarət zəifləyər ki, bu da xərçəng riskini artırar. Fol turşusu zülal mübadiləsi ilə əlaqəlidir. Depressiya və sinir pozğunluğunun qarşısını alır. Hamiləlik əsnasında embrionun və sinir hüceyrələrinin əmələ gəlməsində nizamlayıcı rol oynayar, erkən doğumların qarşısını almağa kömək edər. Fol turşusunun bədəndəki ən əhəmiyyətli vəzifəsi DNT sintezində lazım olan purinlərin və timinin sintez olunması hesab edilə bilər.

 

B3 vitamini (Nikotin turşusu)

B3 vitamini başlıca olaraq qan dövranının və dərinin sağlam olması üçün lazımdır. Həmçinin, bu vitamin sinir sisteminin, karbohidrat, yağ və zülal mübadilələrinin sağlam olaraq işləməsində, xolestorin səviyyəsinin aşağı salınmasında və yaddaşın gücləndiriliməsində də təsirlidir.

B1 vitamini (Tiamin)

Bədəndə əhəmiyyətli fəaliyyətlər yerinə yetirər: Qan dövranını gücləndirər, qanın əmələ gəlməsinə kömək edər, karbohidrat mübadiləsinin nizamlı işləməsində təsirlidir. Həmçinin, xlorid turşusu istehsalına dəstək verir, dərketmə fəaliyyətləri ilə beyin funksiyalarını inkişaf etdirər və yaxşı həzm üçün əhəmiyyətlidir. Eyni zamanda bu vitaminin yaşlanmadan qaynaqlanan orqanizm pozulmalarına qarşı da antioksidant təsiri göstərdiyi məlumdur.
İnsanlarda B1 vitamini çatışmazlığı həzm pozulmalarına, dəridə və gözlərdə yanma hissinə, ağız kənarlarında çatlamalara, baş ağrıları və zehni depressiyaya, unutqanlığa yol açar. Mərkəzi sinir sistemi enerjisinin demək olar ki, hamısı karbohidrat mübadiləsinə bağlıdır. Tiamin çatışmazlığında mərkəzi sinir sisteminin neyron hüceyrələrində kromatoliz və şişmələrə tez-tez rast gəlinir. Pis qidalanan neyron hüceyrələri üçün xarakterik olan bu dəyişikliklər mərkəzi sinir sisteminin müxtəlif hissələri arasındakı rabitəni poza bilər. Həmçinin tiamin çatışmazlığı sinir liflərinin mielin örtüklərinin də degenerasiyasına yol aça bilər. Bu vəziyyət çox vaxt sinirlərin həddindən artıq həssaslıq qazanmasına səbəb olur. Beyincikdən onurğaya gedən yollarda isə iflic təsiri meydana gətirən degenerasiyalara rast gəlinə bilər. Bəzən iflic təsiri olmasa da, əzələlər böyük ölçüdə gücsüz qalarlar. Tiamin çatışmazlığı ürək əzələsini də zəiflədir. Belə ki, şiddətli bir çatışmazlıqda insanda ürək çatışmazlığı əmələ gələr. Tiamin çatışmazlığında həzmlə bağlı xəstəliklər də ortaya çıxar.

Piridoksin

Piridoksin hüceyrələrdə amin turşusu və zülal mübadiləsi ilə əlaqədar bir çox kimyəvi reaksiyalar üçün koenzim vəzifəsini yerinə yetirər. Ən əhəmiyyətli rolu, amin turşularının sintezində koenzim vəzifəsini yerinə yetirməkdir. Nəticə etibarilə, piridoksin mübadiləsi xüsusilə zülal mübadiləsinin bir çox nöqtəsində əhəmiyyətli rol oynayır. Eyni zamanda bəzi amin turşularının hüceyrə membranlarında daşınmasında da rol oynadığı məlumdur.

Pantotenik turşusu

Pantotenik turşusu bədəndə gedən bir çox mübadilədə rol oynayan koenzim A (Koa) ilə birləşər. Bu maddənin yoxluğu karbohidrat və yağ mübadilələrinin fəaliyyətini poza bilər.  Maddələr mübadiləsi  baxımından digər vitaminlər qədər lazımdır.

 

K vitamini

K vitamini qaraciyərdə qan laxtalanması üçün əhəmiyyətli olan protrombin, amil VII, amil IX və amil X -un formalaşması üçün lazımdır. Bu səbəblə, K vitamini çatışmazlığı vəziyyətində qanın laxtalanması gecikər. K vitamini qalın bağırsaqda bakteriyalar tərəfindən sintez olunur. Bununla yanaşı, yoğun bağırsağın bakteriyaları böyük miqdarda antibiotiklərin sorulması ilə pozularsa, K vitamini çatışmazlığı inkişaf edər. Çünki bu birləşmə qidalarda çox az miqdarda olur.

Bənzər saytlar