Hüceyrənin mürəkkəb quruluşu təsadüflərlə izah oluna bilməz

Bir çox elm adamı hüceyrənin mürəkkəb quruluşunu, reallaşdırdığı məlumat və plan tələb edən əməliyyatları təsvir edə bilmək üçün bəzi bənzətmələr etmişlər. Bəziləri hüceyrəni xüsusi olaraq hazırlanmış kosmik gəmilərlə, bəziləri ən inkişaf etmiş şəhər mərkəzləri, bəziləri isə ən texnoloji mühitdən belə daha irəli səviyyədəki laboratoriya mühitləriylə müqayisə edirlər. Ancaq hər dəfə bu bənzətmələrin ardından, hüceyrənin bütün izah olunanlardan daha çox mürəkkəb olduğunu ifadə edirlər. Kembric Universitetində zoologiya professoru olan W. Thorpe hüceyrənin kompleksliyindən belə bəhs edir:

Son 10-15 il ərzində həyatın mənşəyini açıqlamaq üçün yayımlanan bir-birinin surəti olan bütün fərziyyələr və müzakirələr çox səthi məntiq irəli sürüldüyünü, bunların çox əhəmiyyət daşımadığını göstərdi.Bu problem heç vaxt rast gəlinməyəcək qədər həll yolundan uzaqdır... Tək bir hüceyrənin belə mənşəyi bundan çox asan olmayan bir problemdir.Hər hansı bir hüceyrə növü belə, bəşər övladı tərəfindən dizayn edilə bilən hər hansı bir maşından xəyal edilə bilməyəcək qədər kompleks bir "mexanizmə" malikdir.Bu tapmacaların hər hansı birinin necə həll edildiyi haqqında əlimizdə həqiqi bir işarə yoxdur...

Darvinistlərin həyatın başlanğıcı ilə əlaqədar olaraq etdikləri şərhlərə baxdığımızda, təsadüfən meydana gəlmiş guya ibtidai bir hüceyrənin müəyyən vaxt ərzində yenə təsadüflərin təsiriylə bugünkü xüsusiyyətlərini qazandığından bəhs etdiklərini görərik. Ancaq bu məntiqsiz iddialarının labüd bir nəticəsi olaraq böyük ziddiyyətlərə düşərlər. Məsələn, hüceyrənin elə xüsusiyyətləri vardır ki, bu xüsusiyyətlərə sahib olmadan bir hüceyrənin canlı qalması mümkün deyil. Üstəlik, hüceyrə bu kompleks xüsusiyyətlərin təsadüfən təkamülləşməsini gözləyə bilməz. Bu səbəbdən, hüceyrənin nə təkamülçülərin xəyalındakı kimi ibtidai olması, nə də mərhələ-mərhələ təkamülləşməsi mümkün deyil. Necə ki, hüceyrənin meydana gəlməsində belə bir inkişaf prosesinin olmadığı bu gün təkamülçülərin də qəbul etmək vəziyyətində qaldıqları həqiqətdir. Təkamülçü bioloq Hoimar von Ditfurth bunu belə etiraf edir:

Geri dönüb baxdığımızda, demək olar ki, iztirabla axtarılan o keçid formalarını heç bir şəkildə tapa bilməməyimizə təəccüblənməməli olduğumuzu anlayırıq.Çünki böyük ehtimalla belə bir keçid mərhələsi heç vaxt mövcud olmadı. Bugünkü məlumatlarımız təkamülün ümumi qanununun burada reallaşmadığını;ibtidai hüceyrənin təkmlilləşə-təkmilləşə nəhayət nüvəli, orqanoidli hüceyrəyə çevrilməsi kimi bir vəziyyətin mümkün olmadığını göstərir.

Ancaq bütün işçiləri və xüsusiyyətləriylə birlikdə qüsursuz şəkildə mövcud olduğu təqdirdə hüceyrənin varlığından və funksiyalarını yerinə yetirə bilməsindən bəhs edilə bilər. İngiltərə Krallıq Kimya Dərnəyinin bir üzvü olan kimyagər Prof. David Rosevear hüceyrənin bütöv olaraq mövcud olduqda fəaliyyət göstərəcəyindən belə bəhs edir:

Molekulyar biologiyanın inkişafı ilə yanaşı, Oparin və Haldananın vaxtından bəri, hüceyrə artıq bəsit olaraq qəbul edilmir.Canlı hüceyrə membranı, müəyyən qarışıqların hüceyrənin içinə qəbul edilməsini və ya hüceyrədən kənara çıxarılmasını təmin edər.Hüceyrə membranı sadə bir yarı-keçirici pərdə deyil.Hüceyrələrin içində bütün canlının quruluşu və funksiyaları ilə əlaqədar məlumatın saxlandığı nuklein turşuları var.Bundan başqa, hüceyrədə zülalları istehsal edən ribosomlar yerləşir.Bu zülallar nuklein turşularının kompleks mexanizminin hazırlanmasında istifadə edilir və çox saydakı növü ilə hər birinin xüsusi bir funksiyası vardır.Hüceyrədə həmçinin enerji (ATF) istehsal edən mitoxondri var.Bu hissələrin hər birinin kompleksliyi valeh edicidir... Bu hissələr tək başlarına mövcud ola bilməzlər, hüceyrə də bunlardan birinin əskikliyində mövcud ola bilməz... Bu səbəblə, hüceyrə ən başından etibarən inanılmaz dərəcədə kompleks olan və bir-birlərindən asılı olan bütün hissələri ilə birlikdə mövcud olmalıdır.Hissələrin milyonlarla il ərzində mərhələ-mərhələ bir yerə yığılması ilə meydana gəlməsi -təkamülləşməsi- mümkün deyildir.

Hüceyrənin varlığını davam etdirə bilməsi üçün sahib olduğu xüsusiyyətlərdən biri də hüceyrənin "təhlükəni ayırd edə bilmə" xüsusiyyətidir. Belə bir qabiliyyətə sahib olmayan hüceyrənin mövcud olduğunu fərz etsək belə, həyatını davam etdirməsi mümkün deyil.
Bir təkamülçü mənbədə bu zərurətdən belə bəhs edilir:

Canlı sistemlər, mövcud olduqları ilk saniyədən etibarən ətraf mühit və təbii şəraitlərin müxtəlif xüsusiyyətlərini bir-birlərindən ayırd edə bilmələrini təmin edən bir bacarıqla təchiz edilmiş olmalıydılar.Canlılar, maddənin mənimsənilməsi prosesini qorumaq üçün zəruri olan qabiliyyəti, asılı olduqları ətraf amillərini tanıyıb ayıra bilmə, bir mənada bunları öyrənə və bilmə qabiliyyətini daşıdıqları ölçüdə və daşıdıqları müddətcə həyatda qala bilmiş, yaşama bacarığını göstərə bilmişlər.Bu ətraf amillərini (misal olaraq, şəkər və zülal kimi enerji təmin edən böyük molekulları) özləri üçün yararsız, hətta təhlükəli və zərərli olanlardan hər hansı bir şəkildə ayırd edərək, onları seçə bilmək labüd bir zərurət idi, çünki bəhsi keçən bu zərərli amillər "zəhər" təsiri göstərib, hüceyrənin maddənin mənimsənilməsi prosesinin qarşısını almaqda, bu prosesləri yolundan çıxarırdılar.

Göründüyü kimi, bir hüceyrə ancaq özü üçün zərərli ilə faydalı olanı ayırd etmə qabiliyyətinə sahib olduğu müddətcə varlığını davam etdirə bilər. Bu qabiliyyət ilə əlaqədar olaraq bunu xatırlatmaqda fayda vardır: Yuxarıdakı sətirlərdə istifadə olunan üsluba diqqət etsək görərik ki, hüceyrələrin seçmə, hiss etmə, ayırd etmə, öyrənmə, fərqləndirmə kimi qabiliyyətlərindən bəhs edilir. Düşünmə, ağıl işlətmə və şüur sahibi olmağı tələb edən bu hərəkətləri şüursuz hüceyrələrin təsadüflərin təsiriylə qazanmalarını gözləyən darvinistlər, bu məntiqdən kənar vəziyyəti qəsdən nəzərə almazlar. Təsadüflərin bütün ziddiyyətləri bir şəkildə həll etdiyinə inanarlar. Təsadüfü, hər qapını açan, hər çətinliyin öhdəsindən gələn, hər şeyi ən incə təfərrüatı ilə planlayan böyük bir güc olaraq zənn edərlər. Bu, şübhəsiz ki, batil bir inancdır.

Hüceyrədəki üstün ağıl qarşısında təkamülçüləri çıxılmaz vəziyyətdə qoyan bir çox mövzu var. Məsələn, şüursuz atomlar təsadüfi şəkildə bir yerə yığışaraq necə olur ki, son dərəcə şüurlu funksiyalara sahib olan hüceyrəni meydana gətirmişlər? Təkamülçülər, hüceyrənin təbiətdə onsuz da özbaşına reallaşan kimyəvi reaksiyalar sayəsində ortaya çıxdığını iddia edirlər. Halbuki, hüceyrədəki hər təfərrüat bir plan və nizam daxilindədir; bu nizamda təsadüfi təsirlərin yeri yoxdur. Hər incəlik üstün bir şüurun varlığını göstərir.
Bu mövzunu ətraflı olaraq araşdıran məşhur İngilis elm adamı Fred Hoylun aşağıdakı şərhi, son dərəcə aydınlaşdırıcıdır:

Əgər həqiqətən maddənin içində onu yaşamağa sövq edən daxili-prinsip olsaydı, bu bir laboratoriyada asanlıqla göstərilməli idi. Məsələn, bir tədqiqatçı, ibtidai şorbanı təmsil edən bir üzmə hovuzunu təcrübə üçün istifadə edə bilərdi. Belə bir hovuzu istədiyiniz hər cür cansız kimyəvi maddə ilə doldurun. Ona istədiyiniz hər cür qazı vurun ya da üzərinə istədiyiniz hər cür radiasiyanı verin. Bu təcrübəni bir il ərzində davam etdirin və (həyat üçün lazımlı olan) 2000 fermentdən neçəsinin sintez olunduğuna nəzarət edin. Mən sizə cavabı indidən verim və beləcə, bu təcrübə ilə vaxt itirməyin: Qətiyyən heç bir şey tapa bilməzsiniz, bəlkə meydana gələcək bir neçə amin turşusu və digər bəsit kimyəvi maddələrdən başqa.

Təkamülçülər tərəfindən ən "ibtidai" hüceyrələr olaraq qəbul edilən bakteriyalar belə, burada bəhs etdiyimiz şüurlu xüsusiyyətlərə sahibdirlər. Özü üçün zərərli olanla faydalı olanı ayırd etmə xüsusiyyətləriylə heç bir zaman bəsit olaraq adlandırıla bilməzlər.

Təkamülçü bir yazar, bu mövzuda bu etirafı edir:

İbtidai hüceyrələrin, növlərin mənşəyi üçün başlanğıc nöqtəsi olduğu mövzusundakı məşhur fikir həqiqətən də səhvdir. Bu hüceyrələrdə funksional olaraq ibtidai olan heç bir şey yoxdur. Bu hüceyrələr günümüzdəki surətləri kimi eyni biokimyəvi təchizata malik idilər. Yaxşı, daha sonrakı hüceyrələr necə ortaya çıxmışdır? Bu suala veriləcək tək mənalı cavab, necə olduğunu bilmədiyimizdir.

Tədqiqatçı yazar Howard Peth də bəsit hüceyrə deyə bir anlayışın olmadığını belə ifadə edir:

Əvvəllər hüceyrənin bir nüvə və sitoplazma “dənizi” içindəki digər hissələrdən meydana gəldiyi düşünülürdü. Lakin hüceyrə içində böyük sahələr boş idi. İndi isə bir hüceyrənin həqiqətən “şan kimi olduğu”, yəni hüceyrənin və onun sığınacağı olan bədənin həyatı üçün lazımlı olan əhəmiyyətli funksional bölmələrlə dolu olduğu bilinir. Təkamül nəzəriyyəsi həyatın “bəsit” bir hüceyrədən inkişaf etdiyini fərz edər, lakin hal-hazırda elm bəsit hüceyrə deyə bir şey olmadığını göstərir.

Heç şübhəsiz ki, elm adına ortaya çıxan darvinistlər, elmin iddialarını etibarsız edəcəyini təxmin etmirdilər. Elektron mikroskopunun, genetika elminin olmadığı 1800-cü illərdə, hüceyrənin kompleks quruluşu haqqında heç kim məlumat sahibi deyildi. Bu səbəbdən, cahilliyin verdiyi imkanlarla həyatın təsadüflərin əsəri olduğu iddiası bir müddət insanları yanılda bilmişdi. Ancaq indiki vaxtda elm və texnologiya hüceyrənin son dərəcə kompleks bir quruluşa sahib olduğunu göstərmişdir. Hüceyrənin bu quruluşu elə kompleksdir ki, elm adamları bütün səylərə və inkişaf etmiş imkanlarına baxmayaraq, hüceyrə kimi bir quruluşu əldə edə bilməmişlər.

Şüur və ağıl sahibi insanlar tərəfindən -hər cür imkan və texnologiyaya baxmayaraq- süni olaraq hazırlana bilməyən hüceyrənin, təsadüf əsəri meydana gəlməsini gözləməyin mənasızlığı açıq şəkildə ortadadır. Təkamülçülər bu ziddiyyət qarşısında zaman anlayışına sığınaraq, milyonlarla il ərzində bunun mümkün ola biləcəyini müdafiə edirlər. Ancaq nə qədər zaman verilirsə verilsin, təsadüfi təsirlərin nəticəsində müəyyən bir nizama sahib olan, ağıllı, şüurlu hərəkətlər sərgiləyən, məlumat sahibi bir quruluşun meydana gəlməsini gözləmək xəyal qurmaqdan fərqlənmir. Zamanın nə nizam yaratma, nə də fərqli təsadüfləri "sınaq-yanılma" yolu ilə ələyərək, "bu oldu, bu olmadı" kimi bir qərara gəlmə bacarığı vardır. Avstraliya Elm Akademiyasında fəaliyyət göstərmiş olan bioloq Prof. Michael Pitman da zamanın, təkamülçülərin ehtimallarının tam əksi olan təsirlərə səbəb olacağını belə açıqlayır:

Zamanın heç bir faydası yoxdur. Canlı bir sistemin xaricindəki biomolekullar zamanla əriyib yox olmağa meyillidirlər, inkişafa deyil. Biomolekulların hamısı əksərən, bir neçə gün dözə biləcəklər. Zaman kompleks sistemləri dağıdar. Əgər böyük bir söz (bir zülal) ya da bir paraqraf təsadüfən meydana gəlmiş olsa, zaman onu pozmaq üçün işləyəcək.

 

Hüceyrənin içindəki fasiləsiz fəaliyyət

Canlı bir hüceyrə bütün elm adamlarını heyranlıq içində buraxan yaradılış möcüzəsidir. Elektron mikroskopu ilə araşdırıldıqda hüceyrənin içində arı şanındakı fəaliyyətləri xatırladan çox hərəkətli quruluş olduğu görülə bilər. Eynilə yüzlərlə arının ölüb, onların yerinə yenilərinin gəlməsiylə şandakı həyatın davam etməsi kimi, bədəndə də hər gün milyonlarla ölən hüceyrələrin yerlərinə yeniləri gəlir. Və milyardlarla hüceyrə insanın bədənini yaşatmaq üçün birlikdə və uyğunluq içində hərəkət edərlər.

İnsan bədənindəki bu görünməz quruluşları bir şəhər mərkəzinə bənzətmək mümkündür. 100 trilyon hüceyrənin hər biri, ətrafı divarla əhatə olunmuş bir şəhər kimi bütün ehtiyaclarını qarşılayar, enerji istehsal edər, rabitə, nəqliyyat və təhlükəsizlik kimi xidmətləri təşkil edər. Stansiyası mərkəzləri hüceyrənin enerjisini, fabriklər zülalları və həyati əhəmiyyət daşıyan kimyəvi maddələri istehsal edərlər. Kompleks nəqliyyat sistemləri isə bu kimyəvi maddələri hüceyrənin içərisində bir nöqtədən digər bir nöqtəyə və lazım olduqda hüceyrənin kənarına daşıyarlar. Keçidlərdəki nəzarətçilər də ixrac və idxal bazarını nəzarətdə saxlayar və ola biləcək təhlükə siqnallarını qəbul etmək üçün xarici dünyanı müşahidə edərlər. İntizamlı bioloji ordular istilaçılarla mübarizə apara bilmək üçün hazır bir vəziyyətdə gözləyərkən, "mərkəzləşdirilmiş genetik hökumət" də asayişi təmin edər.
Hüceyrə daxili nəqliyyat sistemi də olduqca mürəkkəbdir. Hüceyrələr öz içlərində bir çox hissəyə bölünür və aralarında böyük bir uyğunluq içində iş bölgüsü mövcuddur. Bu hissələrin bir qismi qida tədarük edərkən, bir qismi ferment və zülal istehsal edir və bir-birləri arasında keçid təmin edərlər. Məsələn, hüceyrə daxilində bəzi qidalar istifadəyə verilmək üzrə molekulyar yük maşınlarına yüklənərlər. Hər bir yük maşını çatacağı məntəqənin kilidini açacaq bir açara sahibdir. Beləcə, bir qisim zülallar da, yükləmə limanları kimi hərəkət edərək, yük maşınlarını açar və içindəkiləri çatdırılma yerinə boşaldarlar. Daha əhatəli araşdırıldıqda isə, hüceyrə içindəki molekulların böyük bir sürətlə hərəkət etdikləri görülər. Buradakı mütəşəkkil və koordinasiyalı əməliyyatlar, təsvir edilənlərin fövqündə olan kompleks ölçülərdədir. Amerikalı astronom və yazar Carl Sagan -hər nə qədər qatı bir ateist olduğu üçün hüceyrənin mənşəyini təsadüflərlə açıqlamaq üçün səy göstərsə də- hüceyrədəki fəaliyyətlərdən belə bəhs edir:

Canlı hüceyrəsi təfərrüatlı və mürəkkəb bir memarlıq möcüzəsidir. Mikroskopda baxıldıqda az qala çılğına dönmüş fəaliyyətlər görülür. Daha dərin səviyyədə molekulların böyük bir sürətdə sintez edildiyi məlumdur.

Leigh Universitetindən məşhur biokimya professoru -və indiki vaxtda darvinizmi tənqid edən ən öndə gələn adlardan biri olan- Michael Behe ​​isə, hüceyrədəki hər şeyin görünəndən daha kompleks quruluşlar ehtiva etdiyini belə ifadə etmişdir:

Mən Darvinin təkamül mexanizminin, mikroskop altında görülənləri açıqlamadığı inancındayam. Hüceyrələr təsadüfən təkamülləşə bilməyəcək qədər kompleks bir quruluşa sahibdir, onları hazırlayacaq bir zəkanın olması lazımdır... Darvin nəzəriyyəsi ən böyük çətinliyi, hüceyrənin inkişafını açıqlamağa çalışarkən yaşayır. Bir çox hüceyrəvi sistem mənim sözümlə ağlasığmaz dərəcədə mürəkkəbdir. Bu, o deməkdir ki, sistemin fəaliyyətdən əvvəl bir neçə komponentə ehtiyacı vardır... Belə bir sistem Darvinin üsuluyla uyğun bir şəkildə bir araya gətirilə bilməzdi, yəni funksiyalarını hissə-hissə inkişaf etdirərək.

Hüceyrədəki mürəkkəb komplekslik, sistemin işləməsi üçün eyni anda bir çox ünsürün qüsursuzca mövcud olması şərtini tələb edir. Bu vəziyyətdə təsadüflər sistemin bütün hissələrini şüurlu bir şəkildə, ağıl, məlumat və nizam tələb edən vəzifələrini yerinə yetirə biləcək şəkildə bir dəfəyə yaratmalıdır. Ancaq vəhdəti meydana gətirəcək olan hissələrin də son dərəcə kompleks quruluşda olduqları düşünülərsə, bu vəziyyətdə sadədən mürəkkəbə doğru gedən mərhələlərin ola bilməyəcəyinin gözardı edilməməsi də lazımdır. Çünki bu hissələrin varlığından, ancaq hamısı bir yerdə olduqda bəhs edə bilərik.

Həyatın təməlini təşkil edən hüceyrənin olduqca kompleks bir quruluşda olması, təkamülçülərin hələ həyatın təsadüfən necə başlamış ola biləcəyi sualına bir cavab verə bilməmiş olmalarına başlıca səbəbdir. Çünki buradakı komplekslik təsadüflərlə izah olunmayacaq dərəcədə yüksək səviyyədədir. Michael Behe ​​təkamülçü elm adamlarının yaşadığı bu çarəsizliyi, təkamülçü James Shapironun bir ifadəsinə istinad edərək belə açıqlayır:

Hər şeydən əhəmiyyətlisi həyatın təməli olan hüceyrə olduqca mürəkkəbdir. Lakin elm hələ həyatın necə başladığı sualına bir cavab verə bilmədi? Xeyr. Çikaqo Universitetinin Biokimya bölməsindən James Shapironun yazdığı kimi, "Darvinin mexanizmini biokimya sahəsində açıqlayan qəti dəlillər indiyə qədər tapılmamışdır, mövcud olanlar isə bir neçə ümidsiz fərziyyədən başqası deyil". Bir neçə elm adamı hüceyrəni Darvindən kənar üsullarla izah etməyi təklif etmişlər. Bunun yerinə, mən buna inanıram ki, bütün bu sistemlər bir ağıl tərəfindən dizayn edilmiş və nizamlanmışdır.

Massachusetts Texnologiya İnstitutunda (MIT) fizika və biologiya sahələrində fəaliyyətləri olan Prof. Gerald L. Schroeder isə hüceyrədəki kompleksliyi belə bir örnəklə təsvir edir:

Bədənin içinə və sonra da hüceyrənin içinə girmək, möcüzələr dünyasına səyahət etmək kimidir. Xarici membranla əhatələnən hüceyrənin funksiyaları ətrafdan ayrılmışdır. Hər hansı bir quruluşa kənardan baxdığımızda mahiyyəti haqqında çox bəsitləşdirilmiş baxış nöqteyi-nəzərinə sahib olarıq. Lakin düşüncəylə yanaşdığımızda, milyonlarla hüceyrənin və milyardlarla atomun müəyyən bir əmrə görə hərəkət edərək bu fövqalədə bacarıqları reallaşdırdığını görərik. Kənardan baxıldıqda hər şey çox sadə görünür. Bir avtomobili işlətmək üçün açarı çevirməyiniz kifayətdir. Və ya kompyuteri işlətmək üçün start düyməsini basarsınız. Lakin mühərriki işə salmaq ya da ekranı işıqlandırmaq üçün milyardlarla atomu tam doğru şəkildə hərəkətə keçirmək məqsədiylə dövrələri dizayn etmək və komponentləri icad etmək saatlarla vaxt tələb etmişdir.

Məhz Darvin və onu izləyən təkamülçü bioloqlar da uzun müddət hüceyrəyə "kənardan" baxmışlar, bu səbəblə də onu sadə bir quruluş olaraq görmüş və mənşəyinin təsadüflərlə açıqlana biləcəyini sanmışlar. Halbuki, XX əsrin ikinci yarısında hüceyrənin fövqəladə kompleksliyi gedərək daha çox aşkara çıxdıqda, təkamülçüləri çaşqınlıq və çarəsizlik bürümüşdür. Bu gün sadəcə hüceyrənin mənşəyinin "irəlidə bir gün təkamül mexanizmləri ilə açıqlanacağını" ümid edirlər. Əllərində dəlil deyil, yalnız cılız bir ümid vardır. Ümidlərinin tək qaynağı da, bu mövzuda doqmatizm olmalarıdır.
Hüceyrədə ortaya çıxan komplekslik, yaradılış olduğunu açıq şəkildə sübut edir. Ancaq hüceyrədə bunun da fövqündə, təəccüblü bir şüur ​​nümayiş etdirilir. Əslində şübhəsiz, hüceyrələr düşünmə, öyrənmə, qərara gəlmə, planlaşdırma kimi şüura aid xüsusiyyətlərdən məhrumdurlar. Belə bir analiz edəcək nə beyinləri, nə gözləri, nə də sinir sistemləri var. Ancaq hüceyrələrin reallaşdırdığı işlərə baxdığımızda ən şüurlu adamdan daha ehtiyatlı, daha ağıllı və tədbirli, daha diqqətli və dəqiq şəkildə işlədiklərini görürük. Hüceyrədə sərgilənən bu üstün ağıl "hər şeyi yaratmış, ona bir nizam vermiş, müəyyən bir ölçüylə təqdir etmiş" (Furqan surəsi, 2) olan Rəbbimizə aiddir.

 

Hüceyrə membranı olmadan hüceyrədən bəhs etmək mümkün deyil

Hüceyrə membranının quruluşunu və seçici-keçirici xüsusiyyətini nəzərdən keçirməzdən əvvəl təkamülçülərin bu mövzu ilə əlaqədar necə bir baxış bucağına sahib olduqlarına toxunmaqda fayda vardır. Təkamülçülərin, ilk hüceyrənin öz-özünə, təsadüfi proseslər nəticəsində meydana gəldiyi iddiasının nə qədər həqiqətdən kənar və elmdən uzaq olduğunu müxtəlif kitablarımızda ətraflı olaraq izah etdik. (Ətraflı məlumat üçün baxın. Harun Yahya, “Həyatın Həqiqi Mənşəyi”, Harun Yahya, “Təkamül yalanı”) Ancaq hər cür qeyri-mümkünü göz ardı edərək ilk hüceyrənin bəzi orqanoidlərinin özbaşına meydana gəldiyini fərz edək. Bu vəziyyətdə təkamülçülərə görə daha da çətin bir vəziyyət meydana çıxır. Çünki bəhsi keçən ilk hüceyrənin, təkamülçülərin "ibtidai mühit" adını verdikləri xəyali bir mühitdə, olduqca zərərli olduğu məlum olan atmosfer şərtlərindən qorunmaq üçün təsadüfən bir hüceyrə membranı qazanmış olmalıdır.

Hər nə qədər təsadüfən meydana gəldiyi iddia edilən bir canlının yaşaya bilmək üçün, təsadüfən tədbir aldığını iddia etmək ağıllı bir iddia olmasa da, biz yenə sonrakı mərhələlərdəki məntiqsizlikləri vurğulamaq baxımından bu ssenarinin də reallaşdığını güman edək və nağıldan fərqi olmayan bu ehtimalları davam etdirək: Təsadüfən yaranan ilk hüceyrə, atmosferin zərərli təsirlərinə qarşı müqavimət göstərə bilməyərək yox olmuşdur. Sonra təsadüfən yeni hüceyrələr əmələ gələr, lakin bunlar da həyatlarını davam etdirə bilməzlər. Daha sonra meydana gələn hüceyrələr isə əcdadlarının başlarına gələnlərdən "dərs alaraq", bu ibtidai atmosferə müdafiəsiz şəkildə çıxmamaq "nəticəsinə gələrlər." Və təsadüflərin köməyi ilə özlərini bu çətin şərtlərdən qoruyacaq bir "xarici qabıq" əldə edərlər. Yəni bir baxıma sınaq-yanılma yolu ilə özlərinə tam lazım olan xüsusiyyətdə bir membran əldə edərlər. Özünüz düşünün: Bu planlı hərəkəti şüursuz, ağılı, beyni olmayan bir hüceyrənin öz-özünə düşünməsi, ya da təsadüflərin bu dərəcə məqsədəuyğun bir həll gətirmələri mümkünmüdür? Hüceyrənin xarici mühitdəki zərərli maddələrin hüceyrəyə daxil olmasının qarşısını alacaq, lazımlı maddələri qəbul edərək hüceyrənin qidalanmasını təşkil edəcək şüurda bir membrana sahib olmasını təsadüfi təsirlərlə əlaqələndirərək izah etmək ən başda elmə zidd olar. Bu xüsusiyyətlər olmadan bir hüceyrənin varlığını qısa bir müddət belə davam etdirməsi mümkünsüz ikən, ən kiçik bir səhvin həyati bir məna daşıdığı bir vəziyyətdə təsadüfdən bəhs etmək nə dərəcə məntiqlidir? Üstəlik, bu qüsursuzluq yalnız ilk mövcud olan hüceyrədə deyil, bundan sonrakı bütün hüceyrələrdə də eyni şəkildə davam etməlidir. Təkamülçü izahlara baxdığımızda isə, ilk hüceyrə ilə əlaqədar olaraq fərziyyələrə əsaslanan izahlardan başqa bir şeylə qarşılaşmarıq. Təkamülçü bioloq Hoimar Von Ditfurth hüceyrə membranı üçün belə bir izah verir:

... bu ilk hüceyrələrin hamısı da xarici qabıq olaraq bir səth pərdəsiylə (membranla) əhatələnmişlər və bu mənada bütövlükdə hamısının paylaşdığı ortaq bir xüsusiyyətdən belə söz edə bilərik. Çünki ətraf mühitin kimyəvi proseslərindən bir ölçüdə müstəqil bir maddəyə sahib olmağı reallaşdıra bilməyin şərti, üzvi sistemin onu əhatə edən mühit və şərtlərə olan asılılığını nisbətən azaldaraq, sistem ilə xarici təsirlər arasında bir sərhəd qoymaqdır. Bu baxımdan bütün ilk hüceyrələrin belə bir sərhəd qoyucu xarici pərdə ilə örtülmüş olduqlarını fərz etməliyik.

Ditfurthun bu izahının nə qədər ağılsız olduğu açıq şəkildə görünür. Təsadüfən meydana gəldiyinə inanılan bir hüceyrənin özünə bir örtük əldə etməyi "düşünməsi" və bunu dərhal müvəffəqiyyətlə tətbiq etməsi mümkün deyil. Belə bir hadisə ancaq fantastik elmi filmlərdə reallaşa bilər. Təsadüfən meydana gəldiyi iddia edilən çox sayda hüceyrənin hər birinin eyni ağlı göstərmiş olduğunu iddia etmək isə, ən fantastik filmlərdə belə rast gəlinməyəcək tərzdə, ağıldankənar bir iddiadır.

Nəticə olaraq hüceyrənin varlığı membranının da varlığını tələb edir. Və bu membranın hüceyrənin öz qərarı ilə və ya təsadüflərlə meydana gəlmiş olması mümkün deyil. New York Universiteti Tibb Mərkəzindən Prof. Gerald Weissman da canlılıqdan bəhs etmək üçün, hüceyrə membranının zəruriliyinə bir sözündə diqqət çəkmişdir:

Başlanğıcda, hüceyrə membranının olması zəruridir! Purin, pirimidin və amin turşularını öz-özünə çoxala bilən makro-molekullar şəklində təşkil edən şimşək hər nədirsə, onu əhatə edən bir pərdənin dizaynı ilə təmin edilən təşkilatçılıq sirri olmadan hüceyrələri meydana gətirə bilməzdi.

Hüceyrə membranı olmadan canlılıqdan bəhs etməyin mümkün olmadığı elm adamlarının həmfikir olduğu bir həqiqətdir. Ancaq burada unudulmamalı olan hüceyrə membranının bugünkü kompleks quruluşu və "seçici-keçirici" xüsusiyyəti ilə mövcud olmasının labüdlüyüdür. Bu xüsusiyyətin təkamülçü fərziyyələrdəki kimi mərhələ-mərhələ inkişafından isə söhbət belə gedə bilməz. Çünki hüceyrə membranı bugünkü xüsusiyyətlərinə sahib olmadığı vəziyyətdə, hüceyrənin canlılığını qoruması mümkün deyil. Bunun üçün hüceyrə membranının xarici mühiti tanıması, hüceyrənin ehtiyaclarını təyin etməsi, hüceyrəyə daxil olacaq maddələrin zərərli olub-olmadığını ayırd edə bilməsi və bu seçimlərdə heç bir səhv etməməsi lazımdır. Kimyəvi reaksiyaların, fizika qanunlarının və təsadüflərin, şüursuz yağ və zülallardan ibarət olan bu nazik membrana belə şüurlu bir seçicilik qazandıra bilməyəcəyi aşkardır.

Bənzər saytlar